Ucar rayonunda su problemi günü-gündən böyüyür. İllərlə torpağını əkib-becərən, dolanışığını suvarma suyundan quran kənd sakinləri indi bir damcı suya həsrət qalıb. Səbəb isə aydındır – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Məmmədovun fəaliyyətidir.
Məlumata görə, idarənin rəhbəri uzun müddətdir ki, kənd təsərrüfatı üçün ayrılmış suyu vətəndaşlara satmaqla məşğuldur. Rayonun müxtəlif ərazilərində suvarma xətlərinə nəzarət edən şəxslər yalnız “tanışlıqla işləyən” işçilərin vasitəsilə suyu pul qarşılığında paylayırlar. Sakinlər bildirirlər ki, kimin pulu varsa, su onun sahəsinə gedir, qalanları isə qurumuş torpaqla baş-başa qalır.
“Su var, amma satılır”...
Ucarın bir neçə kəndindən aldığımız məlumatlara görə, bəzi ərazilərdə həm suvarma, həm də içməli su problemi kəskinləşib. Su xətləri qəsdən bağlanır, insanlar məcbur qalaraq suyu pulla almağa başlayıblar.
Sakinlərin sözlərinə görə , kəndə su gəlmir, amma balıq gölləri üçün su axır. Su idarəsinin maşınları gedib həmin sahibkarlara xidmət göstərir. Deyilir ki, xəttdə problem var, amma görünən o ki, balıq hovuzlarına su bol-bol gedir.”
Araşdırmalar göstərir ki, bu su hövzələrinin əksəriyyəti Müşfiq Məmmədovun tanıdığı və ya şəriklik etdiyi şəxslərə məxsusdur. İddialara görə, idarə rəisi məhz bu “su biznesindən” əldə etdiyi gəlirlə özünə sahibkarlıq obyektləri yaradır.
Qardaş amili və “toxunulmazlıq”...
Müşfiq Məmmədovun adı ətrafında yaranan narazılıqların arxasında onun Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovun qardaşı olması dayanır. Rayon sakinləri hesab edirlər ki, məhz bu qohumluq əlaqəsi səbəbindən Müşfiq Məmmədovun fəaliyyətinə heç kim müdaxilə edə bilmir.
“Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edən idarə rəisi özünə “toxunulmazlıq qalxanı” yaradıb. Şikayət edən işçilər və ya vətəndaşlar isə təzyiqlərlə üzləşirlər. Əvəzində, “pul gətirən” işçilər himayə olunur və şikayətlər qulaqardına vurulur.
Sakinlərin səbir kasası daşır...
Xüsusiylə vurğulayaq ki, rayonda yaranmış vəziyyət sosial gərginliyi artırıb. Kəndlilər bildirirlər ki, illərlə dövlətin ayırdığı su resurslarından səmərəli istifadə edə bilmirlər. Əhalinin bir hissəsi məcbur qalıb öz təsərrüfatlarını bağlayır, digərləri isə su almaq üçün borca düşür.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciətlər edilsə də, problem həll olunmur. Bütün siqnallar rayon rəhbərliyinə qədər getsə də, nəticə dəyişmir.
Nəzarət orqanları hara baxır?...
Su resurslarının satılması və vətəndaşların suvarmadan məhrum edilməsi təkcə mənəvi deyil, qanuni pozuntudur. Dövlətə məxsus resursların şəxsi mənfəət üçün istifadəsi ciddi cinayət tərkibləri yaradır.
Bu səbəbdən, ADSEA rəhbərliyi, həmçinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Baş Prokurorluq məsələni diqqətə götürməlidir. Çünki su məsələsi təkcə bir idarə rəisinin biznesi deyil, kəndlinin dolanışığı, ərzaq təhlükəsizliyi və insan sağlamlığı ilə birbaşa bağlı məsələdir.
Sonda: “Dur” deyən olacaqmı?...
Ucarın su idarəsində baş verənlər artıq təkcə yerli səviyyədə narazılıq doğurmur, ictimaiyyət arasında da rezonans yaradır. İndi əsas sual budur: Müşfiq Məmmədova və onun arxasında duran himayədarlığa “dur” deyən olacaqmı?
Rayon sakinləri ümid edirlər ki, bu dəfə məsələ ört-basdır edilməyəcək və həm su, həm də ədalət axacaq.
Ellada Rəsul