Azərbaycan Xarici İşlər Nazirliyi dünyada beynəlxalq gərginliyin artması və müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə silahlı münaqişələrin davam etməsi fonunda vətəndaşlara xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, son vaxtlar döyüş bölgələrində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması halları qeydə alınır. Bununla əlaqədar vətəndaşlara xaricə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmək və rəsmi qurumların tövsiyələrini nəzərə almaq çağırışı edilib.
XİN silahlı münaqişə bölgələrinə səfərlərdən çəkinməyi qətiyyətlə tövsiyə edib. Nazirlik həmçinin xatırladıb ki, Azərbaycan vətəndaşlarının xarici dövlətlərin ərazisində könüllü və ya muzdlu döyüşçü kimi hərbi əməliyyatlarda iştirakı cinayət məsuliyyəti yaradır.
Nazirlikdən bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri xaricdə olan vətəndaşların hüquq və maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir.

