may
2024
15:58
57

Putin Qərblə dialoqa getməyə hazırdır - Bəs Avropa? - İLGİNC AÇIQLAMA

8 may, 2024
15:58
57

Putin Qərblə dialoqa getməyə hazırdır - Bəs Avropa? - İLGİNC AÇIQLAMA

"Vladimir Putin mayın 7-də beşinci dəfə prezident andı içdi. Putin çıxışında Rusiya vətəndaşlarına, Ukraynadakı “xüsusi hərbi əməliyyat” iştirakçılarına təşəkkür etdi və Rusiyanı qələbə üçün birləşməyə çağırdı. Hərçənd ki, Putin qələbənin konkret çərçivələri barədə bir fikir söyləmədi, lakin aydındır ki, məsələ Rusiyanın Ukraynadakı müharibə ilə Qərb üzərindəki strateji qələbə qazana bilmək ehtimalından gedir. Onsuz da, Putin Ukraynadakı müharibənin taktiki və strateji nəticələrindən asılı olmayaraq, son aktı qələbə kimi qələmə verəcək. Putin hazırda Ukraynada qazanılmış cari nəticələr üzərindən də Qərblə dialoqa getməyə hazırdır. Bunun özü NATO-nun əsas hərbi gücləri olan ABŞ-nin, Böyük Britaniyanın və Fransanın da maraqlarına uyğundur".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Aqşin Kərimov deyib. O bildirib ki, Putin andiçmə mərasimində: “Qərb ölkələri Rusiya əleyhinə aqressiv siyasəti davam etdirməklə Moskvayla əməkdaşlığı inkişaf etdirmək yollarını tapmaq arasında seçim etməli olacaqlar”, - deməklə, əslində, onları birinci təkliflə razılaşmağa dəvət edir:

"İkinci seçim Rusiya ilə yanaşı, NATO-nun özünə də çətindir, çünki Ukraynadakı müharibənin nəticələri bəlli olmamış Qərbin özündə Moskva ilə münasibətlərə dair fikir ayrılıqları tüğyan edir. Üstəlik, “qırmızı xət”lərin tapdalanması fonunda Rusiya ilə NATO arasında başlana biləcək qarşıdurmanın miqyasını təsəvvür etmək belə vahiməlidir. Ancaq Qərb kuluarlarında bununla yanaşı, Ukraynaya qarşı da etirazlar ucalır və Kiyev ara-sıra hədəf taxtasına qoyularaq ittihamlara məruz qalır. Bu tendensiyalara nisbi son qoyacaq məqam tapılıb. Belə ki, ABŞ-nin Ukraynaya 61 milyard dollarlıq hərbi yardım ayırması və üstəlik, NATO-nun da əlavə dəstək paketləri ilə çıxış edəcəyi Ukraynadan olan gözləntiləri də canlandırır.
Ukrayna Rusiya qoşunlarına qarşı başladacağı yeni əks-hücum əməliyyatlarının uğurlu nəticələnməsinə nail olmalıdır. Bu mənada axırıncı dəstəklər Ukrayna üçün son yardım aktı kimi yadda qala bilər. Çünki bundan sonra da Kiyev həlledici nəticəyə çatmasa, Qərbdə ona qarşı ittihamların kəskinləşə biləcəyi ehtimalı az deyil. Putin isə vəziyyətdən istifadə edərək Rusiyanın Ukraynada “tarixi torpaqlar” uğrunda mübarizə apardığı tezislərini təkrarlayacaq. Bununla belə, Putinin özünün nəzərdə tutduğu, qələbəyə olan inamı mütləq deyil. Bunu onun qələbə ilə əlaqədar qeyri-müəyyən çağırışında görmək olur. O, sadəcə olaraq, Ukraynada Rusiyanın perspektivləri ilə bağlı cəmiyyətdə artan gözləntilərə uyğun cavab verir.
Lakin bir fakt da danılmazdır: Rusiya Ukraynada hərbi irəliləyişlərə nail olur və hər keçən gün Ukraynanın müqaviməti zəifləyir. Müqaviməti dirçəltmək üçün Ukraynaya veriləcək silahların isə cəbhə trafikində böyük dəyişiklik yarada biləcəyi ehtimalı çox zəifdir. Onu da yadda saxlamaq lazımdır ki, Putinin andiçmə mərasimindəki bəyanatı Rusiyanın ABŞ, Fransa və Böyük Britaniyanı nüvə zərbələri ilə təhdid etməsinə haqq qazandırmaq tezislərinin bir növ davamıdır. Buna görədir ki, Putin “seçim” təklif edir. Hərçənd ki, bu, qorxutma və psixoloji təzyiq yaratmaq üçün nəzərdə tutulan leksikondur, çünki Moskva nüvə zərbəsi zamanı təsəvvürəgəlməz qarşılıq ala bilər. Göründüyü kimi, Putinin çıxışı da göstərdi ki, Rusiya manevrləri ilə Qərbi qorxutmağa davam edəcək. Burada əsas məqsəd Rusiya ilə Qərb arasında danışıqlara nail olmaq üçün hazırlıq mərhələsi başlatmaq və Ukraynadakı cari vəziyyətə qarşı tərəfi razı salmaqdır".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar