İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşündə Qəzza zolağında atəşkəs üzrə razılaşmanın ikinci mərhələsinin faktiki olaraq dalana dirəndiyini bildirəcək.
Bu barədə The Times of Israel nəşri mövzu ilə tanış mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, Netanyahu Trampla çərşənbə günü keçiriləcək görüşdə sülh razılaşmasının ikinci fazasının irəliləmədiyini xüsusi vurğulayacaq.
Nəşrin həmsöhbəti qeyd edib ki, İsrail tərəfi ABŞ-a Qəzzada daha bir hərbi əməliyyatın zəruri olduğu barədə dəfələrlə məlumat verib. Bildirilib ki, bu addımın atılması Tramp administrasiyasının Qəzza və ümumilikdə regionla bağlı planlarının həyata keçirilməsi üçün vacib sayılır.

