ABŞ-da səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə doğru irəliləməyə razılıq verib. Bu, mərhələnin icra mexanizmi ilə bağlı **ABŞ prezidenti Donald Trump**in komandası ilə fikir ayrılığına baxmayaraq baş verib. Bu barədə Axios amerikalı rəsmi və daha bir mənbəyə istinadən yazır.
Görüş 29 dekabrda Florida ştatında, Trampın Mar-a-Laqo iqamətgahında keçirilib.
Məlumata görə, Netanyahu Trampın Suriya hökuməti ilə potensial təhlükəsizlik razılaşması üzrə danışıqların bərpası ilə bağlı xahişini də qəbul edib.
Axios qeyd edir ki, Vaşinqtonun əsas mesajı İsrailin İordan çayının qərb sahilindəki siyasətini dəyişməsinin Avropa ölkələri ilə münasibətlərin bərpası və Avraam razılaşmalarının genişləndirilməsi üçün vacib olmasıdır.
Portalın mənbələrinin bildirdiyinə görə, Netanyahu ilə ABŞ dövlət katibi Marco Rubio, Trampın xüsusi nümayəndəsi Steve Witkoff, eləcə də prezidentin kürəkəni Jared Kushner arasında keçirilən görüşlərdə, daha sonra isə Trampın özü ilə danışıqlarda Qərb Sahilində israillilərin zorakılığı, Fələstin Administrasiyasının maliyyə problemləri və yəhudi məskənlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.

