Türkiyə Montrö Konvensiyası ilə bağlı Qara dənizin təhlükəsizliyi məsələsində kompromisə getməyəcək.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.
Qurumda bildirilib ki, Ankaranın Qara dəniz üzrə təhlükəsizlik yanaşması konvensiyanın təmin etdiyi balans və sabitliyin qorunmasına, həmçinin sahilyanı dövlətlərin aparıcı roluna əsaslanır.
“Bu yanaşma sayəsində region genişmiqyaslı müharibə zonasına çevrilməyib.”
Nazirlik xatırladıb ki, Ukraynadakı münaqişə başlayandan bəri Türkiyə Montrö Konvensiyasının müddəalarını aktiv şəkildə tətbiq edərək, münaqişənin dəniz məkanına yayılmasının qarşısını alıb.
Bildirilib ki, yüksək geosiyasi rəqabətə və Qara dənizdə təhlükəsizlik risklərinə baxmayaraq, Ankara regionda sabitliyin qorunması, gərginliyin artmasının qarşısının alınması və təhlükəsizliyin ilk növbədə sahilyanı dövlətlər tərəfindən təmin olunması mövqeyini saxlayır.
Qeyd olunub ki, Türkiyə regional təhlükəsizlik arxitekturasının qorunması üçün aktiv addımlar atmağa davam edir.

