ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. model Bettina Anderson ilə gizli şəkildə evlənib.
Bu barədə People jurnalı nikah icazəsinə istinadən məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədə görə, nikah mərasimi Floridanın Uest-Palm-Biç şəhərində, Andersonun bacısı Kristinanın evində baş tutub. Mərasimi isə Kristinanın həyat yoldaşı, daşınmaz əmlak üzrə hüquqşünas Bredli Makferson aparıb.
Bildirilir ki, cütlük iki gün əvvəl rəsmi nikaha daxil olub. Halbuki onların toy mərasiminin bu həftəsonu Baham adalarında keçiriləcəyi gözlənilirdi.
Qeyd edək ki, Donald Tramp Jr. Bettina Anderson ilə nişanlandığını 2025-ci ilin dekabrında açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp isə oğlunun Baham adalarındakı toyunda iştirak edə bilməyəcəyini bildirib. O, Truth Social hesabında dövlət işi və ABŞ-a bağlılığı səbəbindən mərasimə qatıla bilməyəcəyini yazıb.
Oğlum Don Jr. və Tramp ailəsinin yeni üzvü, onun gələcək həyat yoldaşı Bettina ilə birlikdə olmağı çox istəsəm də, hökumətdəki işimlə bağlı şərait və ABŞ-a olan sevgim buna imkan vermir,— deyə Tramp qeyd edib.

