ABŞ-ın Kaliforniya ştatında yaşayan bir neçə ailə ChatGPT yaradıcısı “OpenAI” şirkətinə qarşı yeddi məhkəmə iddiası verib. İddialarda şirkət insanları intihara sövq etməkdə günahlandırılır, – The Wall Street Journal xəbər verir.
Məhkəmə sənədlərinə əsasən, 17 yaşlı Corciya ştatı sakini və 23 yaşlı Texaslı gənc daxil olmaqla dörd nəfər intihar edib, daha üç nəfər isə süni intellektlə uzunmüddətli ünsiyyət nəticəsində ağır psixoloji travma alıb.
İddiaçılar bildiriblər ki, ChatGPT ilə uzun söhbətlər bəzi istifadəçiləri dəlilik həddinə gətirib çıxarırdı. Onlar həm maddi kompensasiya, həm də sistemin təhlükəli dialoqları avtomatik şəkildə dayandırmasını tələb edirlər.
“OpenAI” baş verənləri “dəhşətli” adlandırıb və araşdırmaya başladığını açıqlayıb. Şirkət vurğulayıb ki, oktyabrda edilən yenilənmələr sayəsində ChatGPT artıq psixoloji böhran əlamətlərini daha yaxşı tanıyır və istifadəçiləri real kömək xidmətlərinə yönləndirir.
TechCrunch məlumatına görə, hər həftə bir milyondan çox insan ChatGPT-də intihar mövzusunu müzakirə edir, onların təxminən 0,07%-də psixoz və ya mani kimi ağır pozuntuların əlamətləri müşahidə olunur.

