Rusiya və ABŞ yaxın vaxtlarda danışıqların yeni raundunu keçirə bilər.
Bu barədə “Lenta.ru”ya açıqlamasında politoloq, “Dubravski Konsaltinq” agentliyinin rəhbəri Pavel Dubravski bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun İran münaqişəsində iştirakını tədricən başa çatdırması Moskva ilə yeni diplomatik təmaslar üçün şərait yarada bilər.
Ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp paralel şəkildə həm Moskva, həm də Kiyevlə dialoq aparır. Buna görə də yaxın dövrdə hər iki tərəflə yeni təmasların gözlənilməsi mümkündür.
Dubravski bildirib ki, əvvəlki təmasların məntiqinə baxdıqda Trampın eyni vaxtda həm bir tərəflə, həm də digər tərəflə danışdığı görünür.
“Əgər Vladimir Putinlə telefon danışığı olubsa, indi o, G7 sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşür”, — deyə ekspert vurğulayıb.
Qeyd edək ki, iyunun 14-də Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirmişdi.
Həmin gün Putin və Tramp arasında telefon danışığı da baş tutub.

