Türkiyə Prezidenti administrasiyası NATO sammiti ərəfəsində Ankarada xarici nümayəndə heyətlərinin keçəcəyi marşrutlar boyunca binaların fasadlarının və azmərtəbəli tikililərin dekorativ panellərlə bağlanacağına dair mediada yayılan məlumatları təkzib edib. Bu barədə RİA Novosti məlumat yayıb.
NATO-ya üzv ölkələrin liderləri və hökumət başçılarının sammitinin 7–8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilməsi planlaşdırılır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bildirilib ki, sammit zamanı liderlər üçün guya “gözəl görüntü” yaratmaq məqsədilə binaların və gecəqonduların qarşısında baryerlər quraşdırılacağına dair iddialar həqiqəti əks etdirmir və manipulyativ xarakter daşıyır.
Administrasiyadan bildirilib ki, marşrutlar boyunca quraşdırılan müvəqqəti çəpərlər yüksək səviyyəli sammitlər zamanı tətbiq edilən standart təhlükəsizlik və logistika tədbirləridir.
Mərkəzin məlumatına görə, qoruyucu baryerlər təhlükələrin qarşısının alınması, səs-küyün azaldılması və yol hərəkətinin tənzimlənməsi məqsədi daşıyır. Qeyd olunub ki, oxşar tədbirlər NATO, G20 və digər iri beynəlxalq forumlara ev sahibliyi edən ölkələr tərəfindən mütəmadi olaraq tətbiq olunur.
Qurum vətəndaşları ictimaiyyəti çaşdırmağa və Türkiyənin ev sahibi ölkə kimi nüfuzuna xələl gətirməyə yönəlmiş paylaşımlara inanmamağa çağırıb.

