ABŞ Prezidenti Donald Tramp keçmiş hərbi psixiatr Nidal Həsənin güllələnmə yolu ilə edamının canlı yayımlanıb-yayımlanmayacağına hələ qərar verməyib.
Axios xəbər verir ki, Ağ Evin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, məsələ ilə bağlı həm respublikaçı, həm də demokrat qanunvericilərdən, eləcə də Trampın müşavirlərindən çoxsaylı mənfi rəylər daxil olub.
Mənbə bildirib ki, Tramp hazırda müxtəlif şəxslərlə əlaqə saxlayaraq onların bu məsələ ilə bağlı fikirlərini öyrənir.
Bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqsetin Nidal Həsənin edamının canlı yayımlanacağını açıqlaması Pentaqon və ABŞ Quru Qoşunlarının bəzi əməkdaşları üçün gözlənilməz olmuşdu.
Nidal Həsən 2009-cu ildə Texasdakı Fort Hud hərbi bazasında 13 nəfəri öldürməkdə və 32 nəfəri yaralamaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.
Onun 3 dekabrda güllələnmə yolu ilə edam edilməsi planlaşdırılır.

