ABŞ Prezidenti Donald Tramp Fələstin əsilli amerikalı hərbi həkim Nidal Hasan barəsində çıxarılmış ölüm hökmünün icrasına icazə verib.
Bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Sean Parnell məlumat verib.
Nidal Hasan 2009-cu ildə Texasdakı Fort Hood hərbi bazasında atəş açaraq 13 nəfəri öldürüb, daha 32 nəfəri yaralayıb.
“Müdafiə naziri Pit Heqset tövsiyə edib, Prezident Donald Tramp isə məhkum edilmiş terrorçu Nidal Malik Hasanın ABŞ Ordusunun atıcı dəstəsi tərəfindən güllələnərək edam edilməsini təsdiqləyib”, – Parnell sosial şəbəkə hesabında yazıb.
Bu cinayət ABŞ hərbi bazalarının ərazisində törədilmiş və qurbanların sayına görə ən ağır hadisə kimi tarixə düşüb.
2009-cu ilin noyabrında saxlanılarkən Hasan bir neçə güllə yarası alıb və nəticədə bel nahiyəsindən aşağı iflic olub.
2013-cü ilin avqustunda andlılar heyəti yekdilliklə onun barəsində ölüm hökmü çıxarıb. Məhkəmə prosesi Fort Hood ərazisində keçirilib.
Hasan vəkillərin xidmətindən imtina edib, məhkəmədə özünü özü müdafiə edib və günahsızlığını sübut etməyə cəhd göstərməyib.

