ABŞ-nin Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən özəl təyyarə qəzasında pilotun son sözləri məlum olub.
Noyabrın 1-də baş verən faciədən əvvəl pilotun hava hərəkətini idarəetmə xidməti ilə əlaqə saxlayaraq təyyarənin sürətlə hündürlük itirdiyini bildirdiyi müəyyən edilib.
“Dəqiqədə 20 min fut sürətlə aşağı enirik. Yerə çırpılacağıq!” – deyə pilot təcili yardım istəyib.
Məlumata görə, “Learjet 60” tipli özəl təyyarə Florida ştatının Palm-Biç dairəsində yaşayış məntəqəsinin yaxınlığına böyük sürətlə düşüb.
Güclü zərbə nəticəsində qəza yerində nəhəng krater əmələ gəlib, asfalt örtüyü dağılıb. Təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həyatını itirib.
Florida qubernatoru Ron DeSantis hadisənin miqyasını təsvir edərkən təyyarənin yerə düşməsini raket zərbəsinə bənzədib.
“Sanki göydən raket düşürdü”, – deyə qubernator bildirib.
Faciədən sonra yaxınlıqdakı yaşayış ərazisindən təxminən 600 nəfər təxliyə edilib.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

