Azərbaycan–İran dövlət sərhədində silahlı insident baş verib. Sərhədçilərə atəş açaraq müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd zastavasının dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı İran ərazisindən Azərbaycan istiqamətində sərhəd pozucularının hərəkətini aşkar edib.
Bununla əlaqədar sərhəd zastavası dərhal həyəcan siqnalı ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün zəruri tədbirlər görülüb.
Sərhəd pozucularına dayanmaq əmri verilib, onların təqibinə başlanılıb və havaya xəbərdarlıq atəşləri açılıb.
Lakin sərhəd pozucularından biri qanuni tələbə tabe olmayaraq silahlı müqavimət göstərib və sərhədçilərə atəş açıb. Bununla da hərbi qulluqçuların həyatı üçün təhlükə yaradıb.

Yaranmış vəziyyətdə “Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq edilib. Nəticədə silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.
Hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfinə məlumat verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

