Somali dəniz quldurları göyərtəsində 23 nəfərin olduğu İranın “Azini” balıqçı gəmisini ələ keçiriblər.
Associated Press (AP) agentliyinin Hind Okeanı Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən yaydığı məlumata görə, hadisə Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasında baş verib.
Somalinin yarımmuxtar Puntland bölgəsinin Dəniz Polisi Qüvvələrindəki mənbənin sözlərinə görə, gəmini 12 dəniz qulduru ələ keçirib.
Hadisə zamanı gəminin göyərtəsində 21 İran vətəndaşı və 2 somalili mühafizəçi olub.
Heyət üzvlərinin hazırkı vəziyyəti və təhlükəsizliyi barədə məlumat yoxdur.
MSCIO xəbərdarlıq edib ki, quldurlar ələ keçirdikləri gəmidən ticarət gəmilərinə hücumlar təşkil etmək üçün üzən baza kimi istifadə edə bilərlər.
Avropa İttifaqının “Atalanta” hərbi-dəniz əməliyyatı çərçivəsində hadisə ilə bağlı araşdırmaya başlanılıb.

