İran ABŞ və İsrail zərbələrindən sonra ballistik raketlərin saxlanıldığı yeraltı anbarların uçqun altında qalmış girişlərini qazmağa başlayıb. Bu barədə CNN mənbələrə və peyk görüntülərinə istinadən yazıb.
Məlumata görə, işlər Xomeyn yaxınlığındakı bazada və Təbrizin cənubunda aparılır. İran hərbçiləri uçqun nəticəsində yerin altında bloklanmış ola biləcək raketlərə və buraxılış qurğularına çıxış əldə etməyə çalışır.
ABŞ kəşfiyyatının iddiasına əsasən, raket qurğularının təxminən yarısı salamat qalıb. Texnikanın bir hissəsinin yeraltı komplekslərdə saxlandığı ehtimal olunur, çünki zərbələr nəticəsində bu obyektlərin girişləri zədələnib.
CNN qeyd edir ki, bu məlumatlar həm mənbələr, həm də təqdim olunan peyk görüntüləri ilə təsdiqlənir. Kadrlarda tunel girişlərində uçqunların texnika vasitəsilə təmizləndiyi görünür.
Telekanalın məlumatına görə, ABŞ və İsrail əməliyyat zamanı məhz yeraltı obyektlərin girişlərini hədəfə alıb. Məqsəd İranın mobil buraxılış qurğularının mövqeyə çıxmasının, ballistik raket buraxmasının və daha sonra sürətlə geri çəkilərək yenidən yüklənməsinin qarşısını almaq olub.

