ABŞ İranla real və yoxlanıla bilən razılaşma əldə etməyə çalışır. Bunu ABŞ dövlət katibi Marko Rubio Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasının xarici işlər nazirləri ilə görüşündə bildirib.
Görüşün yayımı YouTube platformasında aparılıb.
Rubionun sözlərinə görə, Vaşinqton İranla razılaşma istəyir, lakin “istənilən qiymətə saziş” imzalamaq niyyətində deyil. O bildirib ki, ABŞ üçün əsas olan yaxşı, real, yoxlanıla bilən və yerinə yetiriləcək razılaşmadır.
Dövlət katibi sazişlə bağlı ABŞ üçün vacib olan məqamlara da toxunub. Onun sözlərinə görə, heç bir beynəlxalq su keçidi yalnız bir dövlətin monopoliyasında olmamalıdır. Rubio bildirib ki, bu prinsip pozularsa, dünya ciddi xaosla üzləşə bilər.
O, həmçinin vurğulayıb ki, İranın nüvə silahı olmamalıdır. Rubionun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdəki addımları da məhz bu məqsədlə bağlıdır. Vaşinqton İranla razılaşmaya yalnız bu şərt əsasında razılıq verə bilər.

