Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini, 2007-ci il dekabrın 14-də anadan olmuş Tahirə Sahir qızı Hüseynova faciəvi şəkildə dünyasını dəyişib.
“Den.az” xəbər verir ki,16 yaşında erkən nikaha daxil olmuş gənc qız, hamiləliyin ağır fəsadları nəticəsində keysəriyyə əməliyyatından sonra həyatını itirib.
Məlumata görə, Tahirə Hüseynova 2024-cü ilin 6 iyun tarixində, cəmi 16 yaş 6 aylığında ailə qurub. Ailə qurduqdan qısa müddət sonra hamilə qalan azyaşlı qız 2024-cü ilin 21 noyabr tarixində ağrılarla Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
2025-ci il aprelin 18-də, 38-39 həftəlik hamilə olan Tahirə Hüseynova Sumqayıt şəhərinə qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Aprelin 26-da gecə saat 01:45 radələrində onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt Perinatal Mərkəzinin Təcili və Təxirəsalınmaz yardım şöbəsinə yerləşdirilib. Müayinə zamanı qadının hamiləliyinin son mərhələsində olduğu və təcili müdaxilə tələb olunduğu müəyyən edilib.
Həkimlərin qərarı ilə hamiləlik cərrahi yolla – keysəriyyə əməliyyatı ilə sonlandırılıb. Əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib. Onun həyatını xilas etmək üçün reanimasiya və intensiv terapiya tədbirləri görülsə də, vəziyyəti ağır olaraq qalmaqda davam edib. Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və ya doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub.
Gənc ana daha sonra – 27 aprel 2025-ci il tarixində Bakı şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
4 kiloqram çəkidə sağlam qız uşağının vəziyyəti isə stabil qiymətləndirilir.
Tahirə Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq nəticələr patoloji-anatomik müayinə və məhkəmə tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, erkən nikah və azyaşlı ana ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, bu kimi hallarda azyaşlıların erkən nikaha daxil olması və hamiləlik riski ciddi fəsadlara yol aça bilər. Sosial qurumlar və dövlət orqanları bu cür halların qarşısını almaq üçün maarifləndirmə və hüquqi tədbirlərin gücləndirilməsini vacib sayırlar. Araşdırmalar davam edir.