Prezident İlham Əliyev cəmi 15 gün ərzində dünyanın diqqət mərkəzində olan dörd böyük zirvə toplantısında iştirak edərək Azərbaycanın nüfuzunu bir daha yüksək səviyyədə nümayiş etdirdi. BMT-də qlobal gündəmlə bağlı mövqeyi, Danimarkada Avropa Siyasi Birliyinin Zirvə toplantısında strateji təklifləri, Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) iclasında regional liderliyi, Misirdə isə Yaxın Şərq Sülh Sammitində diplomatik ustalığı ilə dövlətimizin qlobal proseslərdəki rolunu gücləndirdi.
Bu intensiv iştirak ölkəmizin artan beynəlxalq çəkisini, Prezident İlham Əliyevə olan dərin hörməti və etibarı, həmçinin Azərbaycanın diplomatik və siyasi imicinin yüksəlməsini aydın şəkildə göstərir. Dövlətimizin rəhbəri olaraq o, yalnız regionda deyil, qlobal səviyyədə də etibarlı, nüfuzlu və qərarverici lider kimi tanınır.
DenMedia.az xəbər verir ki, bu barədə danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu gün Azərbaycan artıq ölkədaxili və regional məsələlərlə deyil, daha ciddi qlobal problemlərin həlli istiqamətində dünyanın ən güclü dövlətləri ilə birlikdə addımlar atır:
“Çünki müxtəlif münaqişələrin həlli istiqamətində əldə etdiyi təcrübələr Azərbaycana beynəlxalq aləmdə daha ciddi aktor kimi fəaliyyət göstərməyə imkan verir. Azərbaycan öz problemini dünya birliyinə təqdim edib onun həllini xahiş etmir. Əksinə, problemini həll etməyi bacaran bir ölkə kimi dünya dövlətlərinin diqqətini cəlb edir.
Dövlət başçısı 15 gün ərzində dörd Zirvə toplantısında – BMT, Danimarkada Avropa Siyasi Birliyinin zirvə toplantısı, Qəbələdə TDT, Misirdə sülh sammiti – iştirak etməsi bunu sübut edir. İlham Əliyev qatıldığı bu tədbirlərin hər birində diqqət mərkəzində oldu”
Əlimusa İbrahimov
Politoloq bildirib ki, Azərbaycan artıq dünyanın aparıcı dövlətləri ilə birlikdə qlobal çağırışların həllinə öz töhfəsini verir:
“Bütün bunlar isə 2020-ci ildən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan ardıcıl hücum diplomatiyası sayəsində əldə edilib. İlham Əliyev 44 günlük müharibə ərəfəsindəki müsahibələrində yaxın gələcəkdə dünyanın idarə olunmasında yeni reallıqların meydana çıxacağı barədə xəbərdarlıqlar etmiş, Azərbaycanın bu dəyişikliklərə hazır olmasının vacibliyini vurğulamışdı. Bu istiqamətdə ilk addım, əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması idi. Ermənilərin torpaqlarımızdan qovulması Azərbaycan üçün yeni perspektivlər açdı. İndi bu perspektivlər artıq həyata vəsiqə almağa başlayıb.
Azərbaycan qlobal səviyyədə öz layiqli yerini tutmaq üçün uğurlu addımlar atır. Heç şübhəsiz, İlham Əliyevin uzaqgörən siyasəti bu gün də ölkəmizi uğurdan-uğura aparır”. Globalinfo.az