Böyük Britaniyada hüquq-mühafizə orqanları Efiopiyadan gəlmiş, cinsi təcavüzdə təqsirli bilinən miqrant Xaduşi Kebatunun axtarışını davam etdirir. Sky News kanalının məlumatına görə, Kebatu deportasiyaya hazırlıq zamanı səhv nəticəsində azadlığa buraxılıb.
Bir ay əvvəl Çelmsford şəhərinin magistrat məhkəməsi onu 14 yaşlı qız və bir qadına qarşı təcavüz ittihamı ilə bir il həbs cəzasına məhkum etmişdi. Cəzasını başa vurduqdan sonra Kebatu Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilməli və deportasiya mərkəzinə göndərilməli idi. Lakin prosesin bir mərhələsində o, izsiz itib.
Ədalət naziri Deyvid Lemmi hadisə ilə bağlı daxili araşdırma aparılması barədə göstəriş verib. Nazirlik hadisəni “qəbuledilməz səhv” kimi qiymətləndirib və məsul şəxslərin müəyyən ediləcəyini bildirib.
Hadisə ölkədə otellərdə yerləşdirilən qanunsuz miqrantlara qarşı narazılıqları yenidən gündəmə gətirib. Məsələ ilə bağlı hökumət nümayəndələri hazırda miqrantların saxlanması üçün xüsusi mərkəzlərin yaradıldığını, lakin bunların sayca kifayət etmədiyini etiraf ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin martına qədər 210 oteldə 32 min miqrant yerləşdirilib. Bu, dövlət büdcəsinə ildə təxminən 4 milyard funt sterlinqə başa gəlir. Rəsmi London bu təcrübəyə 2029-cu ilə qədər son verməyi planlaşdırır.

