Yaponiyanın Milli Meteorologiya İdarəsi ölkənin Sakit okean sahilləri üçün hündürlüyü 1 metrədək çata biləcək sunami təhlükəsi elan edib. Təhlükə zonasına Tokioya yaxın prefekturalar və Tokio körfəzinin bir hissəsi də daxil edilib.
Xəbərdarlıq Okinava prefekturasının cənub-qərbində yerləşən adalara, Kyuşu və Şikoku adalarına, həmçinin Honşunun Sakit okean sahillərindən İbaraki prefekturasınadək olan ərazilərə şamil olunur.
Sunami təhlükəsinə Filippin sahillərində baş verən 8,1 maqnitudalı zəlzələ səbəb olub.
Məlumata görə, sunami Miyako adalarına yerli vaxtla saat 11:00-da, paytaxta yaxın ərazilərə isə saat 13:30-da çata bilər.
Yaponiya hakimiyyəti sahilyanı ərazilərdə yaşayan sakinləri ehtiyat tədbirlərinə riayət etməyə çağırıb. Vəziyyətin sonrakı inkişafı ilə bağlı məlumatlar seysmoloqlardan daxil olan göstəricilərə əsasən dəqiqləşdiriləcək.

