Malayziyada yeddi nəfərlik ailə yeni aldıqları avtomobillə ağır yol qəzasına düşüb. Bu barədə Need To Know məlumat yayıb.
Faciə avtomobilin salondan götürülməsindən cəmi bir neçə dəqiqə sonra baş verib.
Məlumata görə, səhər saat 11:00 radələrində 21 yaşlı Əhməd Fahim, qardaşı Əhməd Şafik, 55 yaşlı Nora Husin, 27 yaşlı Camaliya Sannusi və iki aylıq, üç və yeddi yaşlı üç uşaq yeni Proton X50 markalı yolsuzluq avtomobilini avtosalondan götürərək evə yola düşüblər.
Şossedə hərəkətdə olan avtomobil qəfil qarşı hərəkət zolağına çıxaraq 10 tonluq yük maşını ilə toqquşub.
Qəza nəticəsində avtomobildə olanlardan yalnız 3 yaşlı qız uşağı sağ qalıb. Onun xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.
Xilasedicilər zərərçəkənləri avtomobildən çıxarmaq üçün xüsusi avadanlıqdan istifadə ediblər.
Hadisənin səbəbi hələlik müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

