Tailandda volyerdən qaçan təxminən 100 meymunun axtarışına başlanılıb.
Bu barədə UPI məlumat yayıb.
Hadisə Tailandın Lopburi şəhərində baş verib. Məlumata görə, təxminən 100 meymun saxlanıldıqları volyerdən qaçıb. Bundan sonra yerli hakimiyyət orqanları heyvanların tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.
Bildirilir ki, əməkdaşlar eyni ərazidə saxlanılan daha 1000-dən çox meymunun qaçmasının qarşısını ala biliblər.
Şəhər meri polisə və digər xidmətlərə qaçan meymunların mümkün qədər tez tutulması barədə tapşırıq verib. Məqsəd heyvanların sakinlərə və onların əmlakına zərər vurmasının qarşısını almaqdır.
Qeyd edək ki, Lopburi şəhəri uzunquyruq makakaların çoxluğu və hər il keçirilən Monkey Buffet festivalı ilə tanınır. Lakin son illərdə meymunların yemək axtararkən insanlara hücum etməsi halları artıb. Buna görə 2024-cü ildə təxminən 2500 meymun xüsusi böyük volyerlərə köçürülmüşdü.
Son qaçış hadisəsindən sonra zədələnmiş volyer təmir edilib. Rəsmilər gələcəkdə oxşar halların təkrarlanmaması üçün daha etibarlı, ikiqat hasarlı sistem qurmağı planlaşdırırlar.

