Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən World Defense Show 2026 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.
DenMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Sərgidə dünyanın aparıcı şirkətlərinin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-nin stendində holdinqin məhsulları, eləcə də ölkəmizin digər özəl şirkətlərinin istehsalı nümayiş etdirilir.
Nazirliyin rəhbərliyi stendlərdə təqdim olunan müasir silah sistemləri, hərbi texnika, aviasiya və uçuş vasitələri, habelə süni intellekt və kibertəhlükəsizlik sahəsindəki yeniliklərlə tanış olub.
Səfər çərçivəsində Zakir Həsənov Xalid bin Salman ilə, həmçinin bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, World Defense Show müdafiə sənayesi sahəsində əsas qlobal platformalardan biri olaraq aparıcı şirkətləri bir araya gətirir, innovativ texnologiyaların nümayişi, eləcə də strateji əməkdaşlıq və işgüzar görüşlər üçün geniş imkanlar yaradır.





