İsrailin Livana endirdiyi zərbələr Tehranın səbrini tükəndirib. Bunu İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, raket buraxılış qurğuları hazır vəziyyətdədir və artıq “X saatı” çatıb.
“Beyrutdakı səhv hesablamalar səbrimizi tükəndirdi. Əmr verilib. X saatı çatıb və buraxılış qurğuları hazırdır. ‘Hizbullah’ müqavimət oxunun bir hissəsidir. Əgər Livandakı şər alovu söndürülməsə, iki mühüm coğrafi vasitə — Hörmüz və Bab əl-Məndəb boğazları — iqtisadi damarlarınızı strateji boğulmaya qədər sıxacaq”, — Vilayəti yazıb.
İranın Mehr agentliyi xatırladıb ki, Tehran ABŞ-la memorandum layihəsində Livandakı vəziyyət də daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını müdafiə edir.
Bununla yanaşı, İsrail atəşkəs razılaşmalarına baxmayaraq, Livan ərazisinə zərbələr endirməyə davam edir. Livan hakimiyyəti bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.

