Bu gün Azərbaycanın Milli Qəhrəmanları — general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür.
Hər iki hərbçi gənc yaşlarından hərbi xidməti özlərinə həyat yolu seçmiş, uzun illər Azərbaycan Ordusunda mühüm vəzifələrdə çalışmışdı. Onların həyat və xidmət yollarında bir çox oxşar məqamlar var idi.
Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Bir il sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — qərargah rəisi vəzifəsində çalışıb.
İlqar Mirzəyev isə 1973-cü ildə Gürcüstanın Qardabani şəhərində dünyaya gəlib. Orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini, 2005-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. O, 3-cü Ordu Korpusunun artilleriya rəisi olub.
2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Təxribat nəticəsində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha beş hərbi qulluqçu şəhid olub. Hücum zamanı Ağdam kəndinin bir sakini də həyatını itirib.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 12–17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Onlar iyulun 15-də Bakıda İkinci Fəxri xiyabanda dəfn ediliblər.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla hər iki hərbçiyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimovun adı Bakıda, Sumqayıtda və Qəbələdə küçələrə verilib. Türkiyənin Osmanqazi rayonunda isə onun adını daşıyan park salınıb.
Onların şəhidliyi Azərbaycan cəmiyyətində böyük vətənpərvərlik dalğası yaradıb. Minlərlə gənc və keçmiş döyüşçü Vətənin müdafiəsinə qoşulmaq istəyini bildirərək səfərbərlik orqanlarına müraciət edib.
Tovuz döyüşləri və iki yüksəkrütbəli zabitin şəhidliyi xalqın mübarizə ruhunu daha da gücləndirib. Bir neçə ay sonra başlayan Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, şəhidlərin qanı yerdə qalmayıb.

