Fransa yığmasının kapitanı Kilian Mbappe PSJ-də oynadığı dövrlərdə keçmiş komanda yoldaşı Lionel Messi barədə danışıb.
“DenMedia.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə K. Mbappe “Téléfoot” verilişinə müsahibəsində deyib.
Vinger argentinalı ulduz ilə bir komandada oynamağın onun üçün böyük təcrübə olduğunu bildirib:
“Leo Messi ilə oynamaq şansı qazandığım üçün çox xoşbəxtəm. Heç vaxt onunla bir komandada olacağımı düşünməzdim, çünki mənim uşaqlıq arzum həmişə “Real Madrid” idi. “Barselona”ya keçməyi heç vaxt planlaşdırmamışdım. Amma PSJ-də onunla bir yerdə olmaq məni çox təəccübləndirdi, çünki hər şey çox sadə idi. Adətən, məşhurları həm şəxsiyyət, həm də futbolçu kimi fərqli təsvir edirlər, amma Messi tamamilə təvazökar insandır, hamıya hörmətlə yanaşır”.
O əlavə edib ki, Messi ilə eyni komandada oynamaq onun oyun düşüncəsini dəyişib:
“Messi kimi bir futbolçu komandanızda olanda sadəcə onun yanında olmalı, etdiklərini izləməlisiniz. Onunla birgə olmaq mənə oyunu daha dərindən anlamaqda çox kömək etdi”.