Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən baton çörəklərində qeydə alınıb.
“Denmedia.az” Bizim.mediaya isyinadən xəbər verir ki, əvvəllər doğranmış baton çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur.
Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə, zavod çörəyindən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var.
Bəs qiymət artımın səbəbi nədir?
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır: “Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar tərəfindən hazırlanır və onlar un, maya, yağ, elektrik enerjisi, qaz, işçi haqqı və nəqliyyat xərclərindəki artımı daha tez hiss edirlər. Xüsusilə, unun və digər xammalın qiymətinin bahalaşması bu çörəklərin maya dəyərini yüksəldib.
Zavod çörəyinin qiyməti isə dövlət nəzarətində saxlanıldığı üçün uzun müddət dəyişmir və istehsalçılar subsidiyalar və ya daxili balans hesabına qiyməti sabit tutmağa çalışırlar. Digər çörək növləri bu mexanizmə daxil olmadığından bazar şərtlərinə uyğun olaraq qiyməti artırmaq məcburiyyətində qalırlar. Nəticədə, xərclər artdıqca bu çörəklərin qiyməti də 20–30 qəpik civarında yüksəlir”.

