Son günlər Bakının bazarlarında və Azərbaycanın bir sıra bölgələrində xiyarın qiyməti kəskin artıb.
“Xəzər Xəbər”in məlumatına görə, bir həftə əvvəl kiloqramı 30-60 qəpiyə satılan xiyarın qiyməti hazırda Bərdə və Ucarda 1,5 manata, paytaxt bazarlarında isə seçilmiş məhsul üzrə 2-3 manata çatıb.
Alıcılar yay aylarında, xüsusilə yerli tərəvəz bolluğunun müşahidə olunduğu dövrdə qiymətlərin azalmalı olduğu halda, əksinə bahalaşmanın baş verməsini təəccüblə qarşılayırlar.
Satıcılar qiymət artımını əlverişsiz hava şəraiti səbəbindən məhsul yığımının azalması ilə izah edirlər. Onların sözlərinə görə, iqlim amilləri xiyar məhsuldarlığına ciddi təsir edib.
Bahalaşmaya təsir edən digər səbəb isə Şəmkir və Göyçayda köhnə istixana təsərrüfatlarında mövsümün başa çatmasıdır. Yeni istixanalar isə hələ tam gücü ilə məhsul vermir.
Satıcılar bildirirlər ki, qiymət artımı alıcılıq qabiliyyətinə də təsir edib və bazarlarda xiyara tələbat azalıb.
Bununla belə, onlar yeni torpaq xiyarlarının bazarlara çıxması ilə vəziyyətin sabitləşəcəyini və qiymətlərin tədricən enəcəyini gözləyirlər.

