Meksikada polis yerli konqres binasının yaxınlığında tərk edilmiş avtomobildə dörd nəfərin meyitini aşkar edib.
Bu barədə The Mirror məlumat yayıb.
Hadisə Gerrero ştatının paytaxtı Çilpansinqo şəhərində baş verib. Məlumata görə, bölgədə son vaxtlar “Sierra” və “Los Ardillos” kartelləri arasında narkotik marşrutlarına nəzarət uğrunda qarşıdurma kəskinləşib.
Meyitlər hökumət binasının yaxınlığında tərk edilmiş ağ rəngli Nissan Sentra markalı avtomobildə tapılıb. Hadisə yerində müvafiq ekspertiza tədbirləri aparılıb, avtomobil isə kriminalistika laboratoriyasına aparılıb.
Qeyd olunur ki, bu, bölgədəki qarşıdurmanın ilk qurbanları deyil. Meyitlərin aşkar edilməsindən bir gün əvvəl həmin ərazidə xidməti avtomobildə hərəkət edən bələdiyyə əməkdaşına silahlı hücum edilib.
Prokurorluq qurbanların şəxsiyyətinin və hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb.

