Meksikanın Gerrero ştatında polis yol kənarında bir neçə parçalanmış cəsəd aşkar edib. Bu barədə Daily Mirror məlumat yayıb.
Hadisə martın 31-də dağlıq Montanya bölgəsində yerləşən Tlalpa–Olinála magistralında qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, silahlı şəxslər qalıqları yola boşaldaraq ərazini tərk ediblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları cəsəd hissələrini, qara plastik qabları və alüminium konteynerləri aşkarlayıb. Bu vasitələrin qalıqların daşınması üçün istifadə olunduğu ehtimal edilir.
Qeyd edək ki, Gerrero ştatı uzun illərdir narkokartellər arasında mübarizə səbəbindən ən gərgin bölgələrdən biri hesab olunur. Burada xaşxaş və marixuana plantasiyalarına nəzarət uğrunda münaqişələr davam edir.
Məlumata görə, bölgədə Los Tlacos, Los Ardillos və Los Rojos daxil olmaqla ən azı 16 cinayətkar qruplaşma fəaliyyət göstərir. Ştatda qətl səviyyəsi hər 100 min nəfərə 37,5 təşkil edir və sakinlər tez-tez hücumlar və hədə-qorxu səbəbindən evlərini tərk etməyə məcbur qalırlar.

