Hindistanın Goa ştatının şimalında yerli polis əməkdaşları 37 yaşlı Rusiya vətəndaşını saxlayıb. Buna səbəb onun sevgilisinin meyitinin tapılması olub. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Hadisə cütlüyün istirahət üçün getdiyi kurort şəhəri Arambolda baş verib.
Məlumata görə, qızın bağlı vəziyyətdə olan cəsədi hamam otağında aşkar edilib. İlkin versiyaya əsasən, cütlük arasında qısqanclıq zəminində münaqişə yaranıb və bu münaqişə ağır zorakılıqla nəticələnib. Səs-küyə görə narahat olan qonşular hüquq-mühafizə orqanlarına müraciət etsələr də, qadının həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, şübhəli şəxs hadisə yerindən qaçmağa cəhd göstərməyib və dərhal nəzarətə götürülüb. Kanalın məlumatına görə, Rusiya vətəndaşı hazırda Hindistan həbsxanasında saxlanılır və yerli qanunvericiliyə əsasən ağır cəza nəzərdə tutan ittihamların irəli sürülməsini gözləyir.

