Futbol üzrə dünya çempionatında diqqət çəkən məqamlardan biri də qeyri-adi “idman içkisi” olub.
Almaniyalı hakim Feliks Tsvayer oyun zamanı xiyar turşusunun suyunu içdikdən sonra bu üsul yenidən gündəmə gəlib. Mütəxəssislər bunun əzələ qıcolmaları zamanı hansı hallarda faydalı ola biləcəyini izah ediblər.
GQ nəşrinin yazdığına görə, turşu suyunun idmanda gündəmə gəlməsi ilk dəfə deyil. Futbolçu Kiran Trippyer, tennisçilər Karlos Alkaras və Yannik Sinner də oyunun vacib anlarında bu içkidən istifadə edirlər.

Medicine & Science in Sports & Exercise jurnalında dərc olunan araşdırmaya görə, xiyar turşusunun suyunda natrium və kalium kimi elektrolitlər yüksək miqdardadır. Bu maddələr sinir impulslarının əzələlərə normal ötürülməsinə kömək edir və qıcolmaları dayandıra bilər.
Dietoloq Meys əl-Ali bildirib ki, turşu suyunun kəskin və turş dadı ağız və boğazdakı reseptorları aktivləşdirə bilər. Bu isə qıcolmaya səbəb olan həddindən artıq aktiv sinir siqnallarını sakitləşdirən refleks yaradır.

Onun sözlərinə görə, bu təsir mayenin bədənə sorulmasından və qandakı elektrolit səviyyəsini dəyişməsindən daha tez baş verir.
Mütəxəssislər bildirirlər ki, turşu suyu xüsusilə qəfil əzələ qıcolmaları zamanı faydalı ola bilər. Lakin o, idman içkilərinin tam əvəzi sayılmır, çünki tərkibi daha az balanslaşdırılmışdır.
Ekspertlərin fikrincə, turşu suyu qıcolma başlayan kimi qəbul edildikdə daha effektiv olur. Buna görə də əksər idmançıların onu hər məşqdən əvvəl içməsinə ehtiyac yoxdur.

