Temperaturu 40 dərəcədən yüksək olan suda 20 dəqiqədən artıq qalmaq ciddi sağlamlıq problemlərinə, o cümlədən huşun itirilməsinə səbəb ola bilər.
Bu barədə dermatoloq-kosmetoloq Natalya Ryaxovskaya NEWS.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, isti duş əzələləri rahatlaşdırsa və gərginliyi azaltsa da, uzun müddət davam etdikdə dərinin qoruyucu lipid qatını zədələyir. Nəticədə dəridə quruluq, dartınma hissi və mikroçatlar yarana bilər.
Ryaxovskaya bildirib ki, bir dəfə uzun müddət isti duş qəbul etmək belə orqanizmin təxminən 0,5 litr maye itirməsinə səbəb ola bilər. Sabun və ya duş geli istifadə edildikdə dərinin yağ təbəqəsi daha da zəifləyir.

İsti su damarların genişlənməsinə səbəb olduğundan qan təzyiqi düşə, başgicəllənmə və halsızlıq yarana bilər. Xüsusilə aşağı təzyiqdən əziyyət çəkənlər və yaşlı insanlar huşlarını itirə bilərlər.
Həkim əlavə edib ki, lipid baryerinin pozulması dərini sabun, ətirləndiricilər, allergenlər və mikroblara qarşı daha həssas edir. Onun sözlərinə görə, mütəmadi uzunmüddətli isti duş dərinin qocalmasını da sürətləndirə bilər.

