Anadangəlmə ürək qüsurları, damar xəstəlikləri, qanın laxtalanma pozğunluqları, eləcə də bəzi genetik və qan xəstəlikləri uşaqlarda insultun yaranmasına səbəb ola bilər.
Bu barədə RT-yə açıqlamasında nevroloq İrina Rasskazçikova məlumat verib.
Həkimin sözlərinə görə, keçirilmiş bəzi infeksiyalar, baş və boyun nahiyəsinin zədələnməsi də insult riskini artırır. Bəzi uşaqlarda isə eyni vaxtda bir neçə risk amili aşkarlanır.
Nevroloq valideynləri uşaqlarda yaranan qəfil hərəkət və koordinasiya pozğunluqları, görmənin zəifləməsi və qeyri-adi yuxululuq kimi əlamətlərə diqqət yetirməyə çağırıb.

Qol və ayaqlarda zəiflik və ya keyimə, üzün bir tərəfinin əyilməsi, nitqin və deyilənləri anlama qabiliyyətinin pozulması da insult əlaməti ola bilər.
Həkim bildirib ki, qusma ilə müşayiət olunan qeyri-adi baş ağrısı, qıcolmalar, şüurun qarışması və ya huşun itirilməsi zamanı da dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

