Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 106 yaşı tamam olur.
Denmedia.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarıb. Belə ki, 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlanıb.
AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq səkkiz – Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.
Bundan əlavə, AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparır.

