Bakıda iyulun 15-dən 39 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, dəyişiklik Yasamal yaşayış massivində Məhəmməd Xiyabani küçəsindən “İçərişəhər” metrostansiyası istiqamətində hərəkət edən sərnişinlərin nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi daşıyır.
Marşrutun son dayanacağı İstiqlaliyyət küçəsinə — Nizami parkının yaxınlığına köçürüləcək.
Bundan başqa, marşrut xəttində avtobuslar da yenilənəcək. Xətt üzrə yalnız sıxılmış təbii qazla (CNG) işləyən avtobuslar fəaliyyət göstərəcək.
Gediş haqqı dəyişməyəcək və 0,60 manat olaraq qalacaq.

