26 
okt
2023
15:15
247

Psixoloq: "Əvvəlcə "iPhone 6", sonra "11", sonda da "15" almışam, görün arada nə qədər fərq var..."

26 okt, 2023
15:15
247

Psixoloq: "Əvvəlcə "iPhone 6", sonra "11", sonda da "15" almışam, görün arada nə qədər fərq var..."

Psixoloq Əfsanə Rüstəmovanın ARB kanalının efirində səsləndirdiyi fikirlər ciddi müzakirəyə səbəb olub. "Emosional ehtiyacı ödənməyən bir qadının boşanma kimi hüquqi haqqı var. Mənim 3 minlik telefon kimi emosional ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək - boşanmaq kimi şansım var..." deyən psixoloq bu yanaşmasına görə tənqid hədəfinə çevrilib. Çoxları iddia edir ki, Ə.Rüstəmova ölkə gündəminə düşmək üçün qəsdən həmin fikirləri səsləndirib... 
 
Tanınmış psixoloq Gülnar Orucova isə Den.az-a açıqlamasında həmkarının sözlərinə belə cavab verib: "Hər kəsə hörmətlə yanaşıram, xüsusilə kolleqalarıma. Çünki peşə mədəniyyətinə riayət edən insanam. Əfsanə Rüstəmovanın fikirlərində heç bir məntiq yoxdur. Bəzən bir neçə nəfər insanın üstünə gələndə yanlış fikir irəli sürə bilir. Yanlış fikirdən çıxmaq üçün isə səhv edir. Ən böyük problem də budur. "Düzgün qeyd etmədim" demək yerinə, "yox, belə deyirəm" deyəndə daha betər olur. Əslində, psixoloq desəydi ki, bir kişi qadına telefonu da almırsa, qadın ondan boşanmağı seçə bilər. Bəlkə də, bu cür demək istəyib. Hətta bunda belə təzad var. Həyat yoldaşın sənə niyə nəsə almalıdır? Lazım olanı özü lazım bildiyində alacaq. Sən nəsə aldırmaq üçün onunla evlənirsən? İşin içinə 3 minlik "iPhone"nu da qatıbsa... Azərbaycanda minimum əməkhaqqı 365 manatdır. Bu qədər maaş alan kişi necə 3 minlik “iPhone” alsın? 10 aylıq məvacibini versin? Axı 10 ay ərzində o kişidən nələr-nələr tələb edəcəksən. Bu, düzgün fikir deyil, insanları səhv yola çəkirlər. Sanki qadınlara ötürürlər ki, həyat yoldaşın bunu almırsa, ayrıl. Telefon eyni funksiyanı yerinə yetirir. "iPhone" olsa da, olmasa da... Sadəcə, bəzi insanlar həqiqətən xəstədirlər, bu modelin yenisi çıxdıqca alırlar. Mən əvvəlcə "iPhone 6", sonra "11", axırda "15" almışam. Görün arada nə qədər fərq var. Telefonum funksiya baxımından məni qane etməyəndə telefon alıram, əlimdə ən bahalı telefon olsun deyə yox. İnsanlar guya varlı olduqlarını göstərmək üçün bu gün geyimlə, telefonla, aksesuarla, qızılla, maşınla özlərini gündəmə gətirirlərsə, onlar həqiqətən şüuraltında çox kasıb insanlardırlar. Həm də mənən kasıbdırlar, çünki özlərini maddi olaraq sübut etməyə çalışırlar. Xarici ölkələrə baxın, nazirlər velosipedlə gəzirlər, xanım məmurların saçları bəyazlayıb, amma o cür gəzirlər, üzlərinə o qədər də estetik etmirlər. Psixoloq da dedi ki, həyat yoldaşını məcbur et. İnsanlar da bu cür yanlış fikri tutub həyatlarına əsas gətirirlər. Psixoloq yanlış fikir səsləndirəndə düşünməlidir ki, bu sözümlə nə qədər ailə dağıla bilər. Bir "iPhone"a görə ailə dağılsın? Yəni telefon o qədər önəmli şeydir? Psixoloq dediyi hər sözü ağzından üfürə-üfürə çıxarmalıdır ki, sonradan yanlışlar olmasın. Çünki sonda nəinki tənqid, hətta təhqirlə üz-üzə qalır. Kimi məhkəməyə verəcək? Axı hamı bir söz deyir. Əslində, media da elə insanı efirdə təqdim etməlidir ki, cəmiyyət ondan bəhrələnə bilsin".
 
G.Orucova özünün gecə saatlarında "iPhone 15" modeli alarkən çəkilən fotosuna isə belə aydınlıq gətirib: "Həmin gün Sinan Erginin seminarında idim. Seminar nəzərdə tutulan vaxtdan bir az gec başladı, 23:00-da başa çatdı. Mağaza "iPhone 15" sifarişlərini öncədən götürmüşdü, nağd alanları dəvət etmişdi. Gecə getməyə də bilərdim. Sadəcə bilmək istədim ki, ora nə qədər insan gələcək, neçə faizi qadın olacaq? Fotoda izdihamı yaradanlar telefonu nağd alanlardır. Özümə və qızıma telefon almaq üçün getmişdik. Deyirlər ki, ölkədə vəziyyət gərgindir, kritikdir, inflyasiya gedir, iqtisadi durum və s. Amma baxdım ki, ora "iPhone 15"i nağd ala biləcək insanlar gəlib. Böyük kütlə kişilər idi, qadın çox az idi. Bu gün əgər bir qadın kişidən "iPhone" istəyirsə, artıq o qadının özgüvəni ilə bağlı problemi var. Mənə görə, qadın öz ayaqlarının üstündə dayanmalı, hər şeyi özü ala bilmək bacarığına sahib olmalıdır. Bu zaman qadın daha dəyərli və hörmətli olur. Artıq kişi bilir ki, maddi olaraq sənin yanında deyil və bu zaman sənə daha hörmətlə yanaşır. Bu gün öldürülənlərin, təhqir edilənlərin, döyülənlərin sayı niyə çoxdur? Çünki kişilər bilirlər ki, maddiyyata görə həmin qadınların yanındadırlar. Düzdür, istisna hallar olur,  maddiyyatdan söhbət belə getməyən, amma şiddətin olduğu kasıb ailələr də var. Baxın, model xanım bir maşına görə aylarla özünə qarşı edilən zorakılığa dözdü, sonda polisə müraciət etdi ki, qarşı tərəf məni öldürür, nə var-nə var 250 minlik maşın alıb. Boşanmaların çoxu xəyanət motivlidir, bu, şəxsi fikrimdir. Xəyanət motivi də məhz sosial şəbəkədən qaynaqlanır. Sosial şəbəkələr olmasaydı, bu gün xəyanətin sayı daha az olardı. Çünki qəbulumuza gələnlərdən də görürük ki, sosial şəbəkələrdə tanış olurlar. "Boşluğa düşdüm, tanış oldum..." Deməli, qadın boşluğa düşəndə əlinə telefon alır, ona xoş sözlər yazan hansısa kişiyə kim olduğunu bilmədən inanır. Bu gün bəzi insanların reytinq xatirinə hansısa çıxışları bəzən qadınlara, həm də psixoloqlara haqsızlıq olur. Bir kişi sənə 3 minlik telefonu ala da bilər, almaya da. Ümumiyyətlə, qadın kişidən heç nə istəməməlidir. Kişi bilməlidir ki, öz xanımına nəyi istəyib edər, nəyi etməz. Kişini məcbur etmək nədir? Telefon almır deyə ayrılmaq nədir? Bu, bir qadının tərbiyəsizliyi və özbaşınalığıdır. Bu gün mənim başqa bir şeyə ehtiyacım yoxdur deyə o telefonu ala bilirəm. Amma gələcəyi də düşünmək lazımdır. Ailələr isə gələcəyi yox, məhz bu günü düşünürlər. "Bu gün yeyək, əylənək, gedək xarici gəzək..."Nə var-nə var kimlərsə getdi. Bir də görürlər ki, artıq sıfıra düşüblər, sonda isə ayrılırlar. Çünki sıfıra düşən kişini heç bir qadın yanında istəmir. Bu gün qadınların böyük əksəriyyəti kişinin puluna görə onun yanındadır. Keçmişdə 25-30 yaşında qadın 70 yaşında kişiyə ərə gedə bilərdi? Yox. İndi isə özündən 20-30 yaş böyük olan kişilərə ərə gedirlər. Halbuki nə düşüncəsi, nə ruh halı onunla uyacaq, nə cinsəl tələbatını ödəyə biləcək, nə də maraqları üst-üstə düşə bilər. Yaş fərqi böyükdürsə, deməli, ayrı-ayrı zaman qurşaqlarının yetişdirdiyi insanlardan söhbət gedir. Adını da qoyurlar "məntiq evliliyi". Məntiq evliliyi deyə bir şey yoxdur, pula satılmaq deyə bir şey var. Evlilik sevgi əsasında qurulmalıdır..."

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar