Mövzunu Den.az-a şərh edən politoloq Turan Rzayev maraqlı məqamlara toxunub.
"İndiki məqamda bu açıqlama çox mühümdür. İran hər zaman Azərbaycandan təhlükə gözləyib. Dəyişən geosiyasi vəziyyət isə bu narahatlığı daha da artırıb. Hərçənd rəsmi Bakı cənub qonşusunu narahat edəcək heç bir addım atmayıb. Əksinə bu işdə Ermənistan daha riskli addımlar atır. Misal üçün ABŞ-la imzalanan strateji tərafdaşlıq sazişi və Aİ mülki missiyasının daha iki il Ermənistanda fəaliyyət göstərməsinə kimi razılıqlar Tehranın Bakıdan çox, İrəvandan narahat olmalı olduğunu təsdiqləyir.
İkincisi, H.Hacıyev Mehdi Sənayi və xarici işlər naziri Abbas Araqçı ilə Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat dəhlizləri məsələlərini müzakirə edib. Aydın məsələdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubadır. Son günlər isə alternativ təkliflər verərək gündəmi və 10 noyabr bəyanatındakı tələbləri dəyişmək istəyir. Bakı bunun fərqindədir və İranla alternativ vasitələri nəzərdən yetirir. Əslində dəhliz açılsa da, Bakı bu məsələdən geri durmayacaq. Çünki alternativin olması gələcəkdə ehtimal gərginliklər fonunda Bakıya manevr imkanı yaradacaq.
Üçüncüsü, Hikmət Hacıyev İran Prezidenti Məsud Pezeşkianla görüşüb və görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini çatdırıb.
Pezeşkianın ölkəmizə səfəri indiki məqamda vacibdir. Onun əslən azərbaycanlı olması dərin əməkdaşlığa ümidləri artırır. Düzdür, azərbaycanlı faktoru İran siyasi elitasında xüsusi məna kəsb etməsə də, indiki məqamda Pezeşkianın da Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyə bilərik.
Nəticə etibarilə İran-Azərbaycan münasibətlərinin gərginliyi yerini normallaşmaya buraxır. Təbii ki, bunu münasibətlərin birmənalı normallaşması, ya da İranın səmimi yaxınlaşması kimi qəbul etmək də olmaz. Bununla belə, geosiyasi vəziyyət, regional risk faktorları Tehrana ədavəti əməkdaşlıqla əvəz etməyi diktə edir.
Günəş Fərəh
Den.az