Rusiyada azərbaycanlılara qarşı sərgilənən xoşagəlməz münasibət davam edir. Yekaterinburqda baş verən qətl hadisəsindən sonra Uralda Azərbaycan diasporunun əvvəlcə rəhbəri, sonra oğlunun saxlanılması bu baxımdan narahatlıq doğurur.
Həmçinin federasiyasının müxtəlif bölgələrində azərbaycanlıların çalışdığı bazarlara basqınlar edilir, vitrindəki məhsulları dağıdılır, soydaşlarımız müxtəlif təqiblərə məruz qalırlar. Moskvanın bu addımları 2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiyada gürcülərin kütləvi deportasiyası və bu ölkəyə qarşı başladılan iqtisadi təzyiqləri xatırladır. Eyni zamanda Azərbaycan əsilli iş adamlarının hədəfə alındığı, leqal kapitallarının “vergi yoxlamaları” bəhanəsi ilə müsadirə edildiyi də müşahidə olunur.
Den.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, son aylarda Rusiya–Azərbaycan münasibətlərində ciddi gərginlik müşahidə olunur:
“Bu böhranın əsas mənbəyi Rusiyanın özüdür. Azərbaycan müstəqil xarici siyasət yürüdür, regionda yeni siyasi konfiqurasiya formalaşdırmağa çalışır. Xüsusilə Ermənistanla ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar Rusiya tərəfindən qısqanclıqla qarşılanır. Kreml hələ də Cənubi Qafqazı öz “arxa baxçası” kimi görür və Azərbaycanın müstəqil siyasi xəttini qəbul etmək istəmir.
Moskva Azərbaycana təsir göstərmək üçün müxtəlif təzyiq rıçaqlarından istifadə etməyə çalışır. Bunlardan biri də Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılara qarşı atılan addımlardır. Moskva əvvəllər Gürcüstanla münasibətlərin pisləşməsi fonunda ölkədə yaşayan gürcülərə qarşı deportasiya siyasəti həyata keçirmişdi. Onların əmlaklarını, biznes obyektlərini əllərindən almışdı. Hazırda isə eyni ssenarinin Azərbaycan vətəndaşlarına qarşı tətbiq olunması ehtimalı gündəmdədir. Rusiyada yaşayan soydaşlarımıza qarşı qərəzli kampaniya aparılır, bəzi hallarda onların leqal bizneslərinə və əmlaklarına “vergi yoxlaması” bəhanəsi ilə əl qoyulması halları baş verir”.
Məhəmməd Əsədullazadə
Politoloqun sözlərinə görə, bu proses bir tərəfdən siyasi təzyiq vasitəsidir, digər tərəfdən isə Azərbaycan-Rusiya münasibətlərinin gərginliyini əks etdirir:
“Hazırkı mərhələdə Kreml Rəsmi Bakı ilə münasibətləri normallaşdırmağa məcburdur, çünki Azərbaycan regionda mühüm aktora çevrilib. Qonşuluq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə söykənən siyasət aparılmalıdır. Təəssüf ki, Moskvanın davranışları bu prinsiplərdən uzaqdır və tamamilə fərqli bir mövqe sərgilənir. Əgər münasibətlər normallaşmasa, deportasiya və iqtisadi təzyiq kimi addımların atılması qaçınılmaz ola bilər:
Azərbaycanlılara qarşı sıxışdırma prosesi davam edəcək, onların mülklərinin vergi bəhanəsi ilə əllərindən alınması gözləniləndir. Bu isə iki ölkə arasındakı münasibətlərin dinamikasından birbaşa asılıdır. Əgər qarşılıqlı anlaşma bərpa olunarsa, təzyiqlər səngiyə bilər. Əks təqdirdə, Gürcüstan ssenarisinin Azərbaycana qarşı tətbiq olunması real görünür”.