Xəbər verdiyimiz kimi, Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumat yayıb.
Maraqlıdır ki, bu məsələ Rusiya mediasında geniş şəkildə işıqlandırılıb. Hətta qərar son zamanlarda gərginləşən Bakı-Moskva münasibətləri fonunda dəyərləndirilib.
Yeni komissiya Moskvanın diqqətini niyə bu qədər çəkdi? Rusiya informasiya sahəsində Azərbaycana qarşı hansı addımlar atmağı planlaşdırır?
Den.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Qafqazda Rusiya ilə münasibətləri normal olan yeganə dövlət Azərbaycan idi:
“Lakin Rusiya AZAL-a məxsus təyyarəni vurdu, bundan sonra müxtəlif təhdidlər səsləndirdi. Hazırda isə o ölkədə azərbaycanlılara qarşı kütləvi hücumlara start verilib və bütün bu hadisələr müəyyən bir nöqtəyə yönəlib. Azərbaycan Prezidentinin məşhur jurnalist Dmitri Qordonun sualını cavablandırarkən Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda təyyarə qəzasına görə Beynəlxalq Məhkəməyə müraciət ediləcəyi anonsu Rusiyada Azərbaycan əleyhinə növbəti kampaniyanın başlanmasına səbəb oldu. Məsələni informasiya müharibəsi prizmasından da qiymətləndirmək olar. Rusiyanın dövlət televiziyası rəsmi Bakını “veb əməliyyat” adlı gizli kontakt vasitəsilə Kiyev tərəfdən Moskvanın hərbi bazalarına informasiya təxribatı həyata keçirməyə yardım etməkdə ittiham edir. Bu isə göstərir ki, Rusiya artıq Azərbaycanın informasiya sahəsində öz sistemini qurmasına və müdafiəsini gücləndirməsinə ciddi reaksiya verir. Həmçinin Kreml Azərbaycanın diasporasına da diqqət yetirir”.
Siyasi şərhçi əlavə edib ki, rusların əsas iddiası Ukraynaya yardımla bağlıdır:
“Digər tərəfdən, Bakının bu fəaliyyətin həyata keçirilməsində Rusiyadakı diasporasının əlaqələrindən istifadə etdiyi vurğulanır. Məlumdur ki, Azərbaycanı ittiham etməklə Rusiyanın bəzi əməliyyatlarına haqq qazandırmağa çalışırlar. Lakin ölkəmiz Ukraynanın maraqlarını müdafiə edir və onun yanında durur. Bu isə artıq Moskvanın problemi olaraq qalır.
Münasibətlərin kəskinləşdiyi bir dövrdə ötən gün ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev çıxışını paylaşması yeni bir gərginlik fazasının başlanmasına səbəb olacaq. Bu proses iki istiqamətdə davam edir: Rusiya Ukrayna ilə münasibətlər üzərindən Azərbaycanı hədəfə alır, Tehran da İran-İsrail məsələsi kontekstində Bakını ittiham edir.
Şübhəsiz, hər iki tərəfin iddialarını təsdiq edən heç bir sübut olmayacaq. Lakin görünür ki, İran və Rusiya arasında Azərbaycanla bağlı kəskin razılaşma mövcuddur və müəyyən əməliyyat planlaşdırılır”.