Suriya ilə İsrail arasında gərginliyin yenidən alovlanması fonunda iki ölkənin nümayəndələrinin Azərbaycanda bir araya gələcəyi ilə bağlı xəbər beynəlxalq siyasi arenada diqqət çəkdi.
Məlumata görə, bu gün baş tutacaq görüşdə İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edəcək. Nazirlər Suriyada təhlükəsizlik vəziyyəti ətrafında müzakirə aparacaqlar. Maraqlıdır ki, bunda əvvəl də tərəflər Azərbaycanda bir araya gəlmiş və ölkəmizin barışdırıcı rolunu vurğulayaraq minnətdarlıqlarını bildirmişdilər.
Den.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, İsrailin məqsədi nəinki Suriya torpaqlarını işğal etmək, ümumiyyətlə, Yaxın Şərqdə bir sıra dövlətlərin ərazilərindən torpaq qoparmaq və daha gərgin vəziyyətin yaranmasına nail olmaqdır:
“Çünki Təl-Əvivin yürütdüyü dini, ideloji, siyasi xəttin səbəbi məhz bunu diktə edir. Ölkə hökumətində sionist düşüncə tərzi hakim rolda olduğu üçün bu tendensiyanın davam edəcəyini proqnozlaşdıramaq mümkündür. Təbii ki, İsrail hazırda bu planları həyata keçirmək üçün özünə qarşı yeganə təhdid olaraq Türkiyəni görür. Suriya ilə Türkiyənin hakim mövqedə olması və son zamanlar Dəməşq hökumətinin Ankaradan hərbi-strateji sahədə yardım istəməsi İsraili narahat edən başlıca faktorlardan biridir. Ona görə də maksimum çalışır ki, Türkiyənin Suriyada möhkəmlənməsinin qarşısını alsın, eyni zamanda Vaşinqtonla Ankara arasında dialoq mühitini pozsun. Bu baxımdan, təxribatların davam etmə ehtimalı yüksəkdir.
Digər tərəfdən, Bəşər Əsəd devrildikdən sonra Suriyanın hərbi strukturlarının İsrail tərəfindən məhv edilməsi bu ölkənin hərbi potensialını kifayət qədər aşağı səviyyədə salıb. Beləliklə Dəməşqin Təl-Əvivlə hərbi toqquşma potensialı çox aşağıdır. Təbii ki, İsrailin də zəif tərəfləri var, bu ölkənin quru gücü həlledici faktor olaraq önə çıxmır. Çünki indiyə qədər İsrailin quru döyüş aparmaması, eyni zamanda bu istiqamətdə zəif potensiala sahib olması, münaqişə genişlənəcəyi təqdirdə problemlərlə üz-üzə qalma ehtimalını artırır. Xüsusilə Türkiyə ordusunun Suriyada möhkəmlənməsi Ankara və Təl-Əviv arasında qarşıdurması ehtimallarını gücləndirir. Ona görə də İsrail müəyyən məqsədlərə çatmaq üçün diplomatik təmasların önə çıxmasında maraqlı görünür, o cümlədən Suriyada hərbi toqquşma potensialının aşağı olmasını dəyərləndirir. Hesab edirəm ki, hər iki dövlət diplomatik masada müəyyən qədər zaman qazanmağa çalışa bilərlər”.
Siyasi şərhçi bildirib ki, Azərbaycan həm İsrail, həm də Suriya ilə yaxın əlaqələri mövcuddur:
“Azərbaycan bir sıra problemlərin həlli istiqamətində beynəlxalq səviyyədə vasitəçilik missiyasını uğurla yerinə yetirmiş dövlət olaraq önə çıxır. Ölkəmizin bu istiqamətdə kifayət qədər təcrübəsi var. Fikrimcə, danışıqların məkanı kimi Bakının seçilməsi təsadüfi deyil. Suriya ilə İsrail arasında görüşün ölkəmizdə təşkil olunması hər iki dövlətin Azərbaycana olan etimadından irəli gəlir. Rəsmi Bakı bölgədə sabitliyin hökm sürməsinə çalışır.
Azərbaycanın hər iki dövlətlə yaxın münasibətləri bunu diktə edir. Eyni zamanda Azərbaycan beynəlxalq hüququn tələblərindən irəli gələn siyasət yürüdür. Bu siyasətin tələbi ondan ibarətdir ki, Fələstin münaqişəsində iki dövlətli həll planı mütləq şəkildə həyata keçməlidir. Bu baxımdan, təbii ki, Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, istərsə də bir sıra beynəlxalq platformalarda bu fikri açıq şəkildə səsləndirir və müdafiə edir. Yəni Azərbaycan tamamilə beynəlxalq normalara adekvat fəaliyyət göstərir və ona görə də rəsmi Bakının səyləri tamamilə ədalətli, hüquqidir. Nəticə olaraq isə Azərbaycana olan etimad da günü-gündən yüksəlir.
Ə.Zülfüqaroğlu qeyd edib ki, Bakıda iki dövlət arasında görüşün keçirilməsi təsadüfən ortaya çıxmayıb:
“Bu, uzun müddət aparılan siyasi fəaliyyətin, qarşılıqlı etimadın nəticəsi olaraq meydana gəlib. Ona görə də Azərbaycanın beynəlxalq problemlərin həlli istiqamətində üzərinə missiya götürməsi və vasitəçi rolunu uğurla aparması ölkəmiz üçün beynəlxalq səviyyədə dividentlər qazandırır. Hesab edirəm ki, bu uğurlar Azərbaycanın adına yazılmalıdır. Amma Suriya və İsrail arasında müəyyən müddət stabilliyin yaranma ehtimalı yaxın perspektivdə mümkün deyil”.