Türkiyəli zəlzələ mütəxəssisi, professor Şener Üşümezsoy gündəlik qidalanma vərdişləri ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
Haberler.com-un məlumatına görə, Berna Laçinin proqramında qonaq olan professor karbohidratlardan mümkün qədər uzaq durduğunu, əsasən zülal və yağlarla zəngin qidalar qəbul etdiyini bildirib.
“Bir kiloqram qiyməni bir kiloqram dana sümüyü ilə birlikdə qaynadır, üzərinə bir kiloqram da kəvər əlavə edib bişirirəm. Üç gün həmin yeməyi yeyirəm. Yemək deyilən bir anlayış yoxdur”, – deyə Üşümezsoy bildirib.
Professor səhər yeməyi ilə bağlı açıqlaması ilə də təəccübləndirib.

“Əsasən yüksək miqdarda zülal və yağ qəbul edirəm. İllərdir insanlara çoxlu karbohidrat yedirdilər. İndi palamut balığının mövsümüdür, onu yeyirəm. Səhər yeməyində 20 yumurta qaynadıb yeyirəm”, – deyə o vurğulayıb.
Üşümezsoyun açıqladığı qidalanma rejimi onun şəxsi vərdişlərini əks etdirir.
Mütəxəssislər isə yüksək miqdarda zülal və yağ qəbulunun hər kəs üçün uyğun olmaya biləcəyini, qidalanma ehtiyaclarının insanın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişdiyini bildirirlər.

