Səhər yeməyini buraxmaq hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Terapevt Tatyana Vinoqradova RT-yə açıqlamasında xüsusilə uşaqlar, yeniyetmələr və yüksək fiziki aktivliyə malik insanların səhər yeməyini ötürməməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Həkimin sözlərinə görə, insan səhər yeməyi yemədiyi zaman günorta saatlarına qədər güclü aclıq hiss edir, sonradan həddindən artıq yeyir və ya tez-tez yüksək kalorili qəlyanaltılara əl atırsa, bu rejim artıq sağlam seçim hesab olunmaya bilər.
“Uşaqlar və yeniyetmələr, yüksək fiziki aktivliyi olan insanlar, həmçinin uzun müddət yemək yemədikdə zəiflik, başgicəllənmə və diqqətin azalmasını hiss edən şəxslərin səhər yeməyini buraxması arzuolunan deyil”, – Vinoqradova bildirib.

Mütəxəssis səhər yeməyinin tərkibinə də diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, optimal səhər yeməyində zülal, qida lifləri və kompleks karbohidratlar olmalıdır.
İlk yemək üçün yumurta, kəsmik və ya təbii yoqurtu tam taxıllı məhsullar, tərəvəz, meyvə, giləmeyvə və ya qoz-fındıqla birlikdə seçmək olar.

