Zəlzələ üzrə mütəxəssis Prof. Dr. Şener Üşümezsoy 1970-ci il Gediz zəlzələsinin ildönümü ilə bağlı keçirilən konfransda Kütahya və ətrafındakı fay xətləri barədə diqqətçəkən açıqlamalar verib.
Onun sözlərinə görə, Simav fay xətti hələ də tam boşalmayıb və 6.5 bal gücündə zəlzələ yaratmaq potensialına malikdir.
“2011-ci ildə baş verən 5.9 bal gücündə zəlzələ prosesi tam bitirmədi.”
Üşümezsoy bildirib ki, təxminən 25–30 km uzunluğunda olan fayın bir hissədə qırılması daha güclü zəlzələyə səbəb ola bilər. O qeyd edib ki, Simavın bu fay üzərində yerləşməsi riski artırır.
Ekspert bölgədəki seysmik aktivliyi “piyano düymələrinə” bənzədərək əsas riskin Simav, Sındırgı və Gediz xəttində toplandığını vurğulayıb.
Bundan əlavə, Emet və Yeşildere ərazilərində müşahidə olunan tez-tez sarsıntılar “zəlzələ fırtınası” kimi qiymətləndirilib.
“Bu bölgədə böyük zəlzələdən çox, çoxsaylı kiçik qırılmalar baş verir.”
Üşümezsoy qeyd edib ki, 1970-ci ildə baş verən 7.2 bal gücündə Gediz zəlzələsi bölgədə enerjinin böyük hissəsini boşaldıb, Sındırgı faylarının parçalı quruluşu isə böyük zəlzələlərin qarşısını qismən ala bilər.

