Azərbaycanda mopedlərin qeydiyyatı, texniki baxışı və onları idarə etmək üçün sürücülük vəsiqəsinin alınması ilə bağlı dövlət rüsumlarının müəyyən edilməsi təklif olunur.
Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.
Layihəyə əsasən, mopedin texniki baxışı üçün rüsum 15 manat, qeydiyyatı üçün 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsi üçün isə 15 manat təşkil edəcək.
Mopedi idarə etmək üçün sürücülük hüququ üzrə imtahanın rüsumu 40 manat, təkrar imtahanın rüsumu isə 20 manat olacaq.
Bundan əlavə, mopedi idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, həmçinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrıca 30 manat dövlət rüsumunun müəyyən edilməsi təklif olunur.

