Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Lent.az xəbər verir ki, növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb. Bu mərhələdə kəndə 25 ailə – ümumilikdə 154 nəfər köçürülüb.
Doğma yurduna qayıdan sakinlər indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Sakinlər doğma torpaqlarına qayıtmalarına və dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmalarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Onlar həmçinin torpaqların işğaldan azad edilməsinə görə Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

