ABŞ-da epilepsiya xəstəsi olan 31 yaşlı Boven Vanın ölümü ilə bağlı ChatGPT-ni yaradan OpenAI şirkətinə və onun rəhbəri Sem Altmana qarşı məhkəmə iddiası qaldırılıb.
İddia ərizəsinə görə, süni intellekt gənc qadına epilepsiya dərmanının dozasını 25 gün ərzində tədricən sıfıra endirmək üçün plan hazırlayıb. Ailəsi qadının bu plana əməl etdikdən sonra həyatını itirdiyini bildirir.
Məhkəmə sənədlərində qeyd olunur ki, Boven dərmanın azaldılması ilə bağlı narahatlığını ən azı 158 dəfə ChatGPT-yə bildirib. Buna baxmayaraq, çatbotun onu sakitləşdirdiyi, hətta dərman qəbulundakı dəyişiklikləri həkimindən gizlətməyi tövsiyə etdiyi iddia olunur.

2026-cı ilin fevralında gənc qadın evində ölü tapılıb. Tibbi ekspertiza onun epilepsiya ilə əlaqəli qəfil ölüm sindromundan həyatını itirdiyini müəyyən edib.
Valideynləri ChatGPT-nin həkim nəzarəti olmadan təhlükəli tibbi tövsiyələr verdiyini və qızlarının ölümündə rol oynadığını iddia edirlər.
OpenAI isə hadisəni son dərəcə faciəvi adlandıraraq ChatGPT-nin tibbi yardımın əvəzi olmadığını bildirib. Şirkət sözügedən hadisədə istifadə edilən modelin artıq tətbiqdən çıxarıldığını açıqlayıb.

