Roma Papası XIV Lev və Böyük Britaniya kralı III Karl Mikelancelonun “Qiyamət günü” freskasının altında, Sikstin kapellasında birgə dua mərasimi keçiriblər. Bu hadisə son 500 ildə Roma Katolik Kilsəsinin rəhbəri ilə Angliya Kilsəsinin ali başçısının ilk birgə ibadəti kimi tarixə düşüb. DenMedia.az xəbər verir ki, mərasim Vatican News portalı vasitəsilə canlı yayımlanıb.
Kralı mərasimdə kraliça Kamilla müşayiət edib. Dua ingilis və latın dillərində səsləndirilib. Kral ailəsi Vatikana dövlət səfəri çərçivəsində gəlib; bu səfər əslində aprel ayında baş tutmalı idi, lakin keçmiş papa Fransiskin xəstəliyi səbəbindən təxirə salınmışdı. Papa Fransisk 21 aprel tarixində vəfat etmişdi.
Səfər proqramına həmçinin Şəhər divarlarından kənarda yerləşən Müqəddəs Pavel Bazilikasında ekumenik ibadət də daxildir.
Hadisə tarixi kontekstinə görə xüsusi əhəmiyyət daşıyır: 1534-cü ildə İngiltərə Parlamenti Aliyyət Aktını qəbul edərək VIII Henrini Angliya Kilsəsinin başçısı elan etmişdi. Bu addım Roma Katolik Kilsəsi ilə qəti ayrılığa və İngilis Reformasiyasının başlanğıcına səbəb olmuşdu.