DenMedia.az xəbər verir ki, The Thaiger nəşrinin məlumatına görə, Taylandın Nonqbuəlamphu vilayətində 47 yaşlı balıqçı elektron siqaretin partlaması nəticəsində həyatını itirib.
Kişinin meyiti 18 oktyabrda kanal sahilində tapılıb. Onun ağzında, üzündə, döş qəfəsində və sol qolunda çoxsaylı ağır yaralar və yanıq izləri aşkar edilib. İlkin mərhələdə polis ona atəş açıldığını güman etsə də, məhkəmə-tibbi ekspertiza nəticəsində bəlli olub ki, balıqçının ağzında elektron siqaret partlayıb.
Ekspertlər yaralarda metall qəlpələr aşkarlayıb və müəyyənləşdiriblər ki, bu qəlpələr onun döş qəfəsini deşərək ağciyərlərinə və ürəyinə daxil olub.
“Güllə yarası yox idi, yalnız elektron siqaretin qəlpələri vardı. Ürək və ağciyərlər tamamilə dağılıb,” — deyə polis nümayəndəsi bildirib.
The Thaiger yazır ki, bu, Taylandda elektron siqaretin batareyasının partlaması nəticəsində ölüm hadisəsi ilə bağlı ilk hadisədir. İstintaq orqanları cihazda saxta və ya keyfiyyətsiz batareya istifadə olunduğunu ehtimal edir, çünki oxşar hadisələr əvvəllər başqa ölkələrdə də qeydə alınıb.
“Bu faciə ciddi xəbərdarlıq olmalıdır. Elektron siqaret batareyaları kiçik görünür, amma ölümcül təhlükə daşıyır,” — deyə polis bildirib.

